Övladlığa götür məni Yenidən öyrət mənə yaşamağı, gəzməyi, susmağı. Bütün bildiklərimi, əzbərlədiklərimi, təcrübə kimi qazandıqlarımı unutdur mənə. *** Adımı dəyiş daşıması asan, çox düşündürməyən başqa bir ada. Tarixdə iz qoymamış, gələcək vəd etməyən, ölkədəki hər on şəxsdən birinin daşıdığı soyadını ver mənə. Bezmişəm tələffüz etməkdən Eyni hərfləri soldan sağa, sağdan sola… *** Sanki bir az da yorulmuşam özümdən, sözümdən, mənə məndən xatirə hər şeydən. Qutu-qutu əşyalarım, Şəhər-şəhər həyatlarım, Qucaq-qucaq sevgilərim yorub məni. Bütün inandıqlarım- doğrularım, yanlışlarım, keçdiyim yollar, olmaq istədiyim insan gözümdən düşüb. Özüm özümə köhnə gəlir bir az da. *** Bir otaq ayır evində- Əşyası az olsun, özü də bapbalaca- içəri hava və günəş işığı buraxan pəncərə, birnəfərlik çarpayı. Qabları da yuyaram, evi də yığaram Təki yaşaması asan, məsuliyyəti az bir həyat ver mənə. *** Sil yenidən yazmağa başla məni, yeni bi...